dünyada məndən müdrik birinin olub-olmamasını Apollondan soruşub. Məbəddəki kahin qadın Apollonun adından danışaraq belə birisinin olmadığını deyib. Xairefon hal-hazırda həyatda deyil, amma qardaşı bu dediklərimin doğru olduğuna şahiddir.
Bunları sizə pis şöhrətimin hardan qaynaqlandığını izah etmək üçün danışıram. Apollonun bu sözlərini eşitdikdən sonra özümə belə bir sual verdim: “Görəsən, Apollon nə demək istəyib? Məndə belə bir müdriklik olmadığına görə bu nə məna verir?”
Axı Apollon əsla yalan danışmaz, çünki ona bu haqq verilməyib. Nəticədə çox çətin də olsa, bu məsələnin həlli yolunu tapdım: məndən daha müdrik birisini tapacaq və onu Apollona aparıb söylədiklərinin yanlışlığını isbat edəcəkdim. Nəhayət – adını çəkməyə gərək yoxdur – xalq arasında müdrik olaraq tanınan bir siyasətçi tapdım. Onunla danışarkən anladım ki, bu adam həm xalq, həm də özü tərəfindən müdrik zənn edilməsinə baxmayaraq, heç də elə deyilmiş. Həmin adama özünün zənn etdiyi kimi heç də müdrik olmadığını izah etməyə çalışdım. Nəticədə həm onun, həm də tərəfdarlarının nifrətini qazandım. Ordan ayrılarkən öz-özümə düşündüm: “Mən bu adamdan daha müdrikəm; çünki hər ikimiz gözəl və yaxşı şeylər bilmirik, ancaq mən bilmədiyimi bilirəm, o isə heç bir şey bilmədiyinin fərqində belə deyil”. Həmin adamdan sonra daha bilgili başqa birini tapdım. Lakin nəticə yenə eyni oldu və hər səfər bir çox insanı özümə düşmən etdim.